Azərbaycanda qaçqınların və məcburi köçkünlərin vəziyyəti haqqında qısa məlumat

Ermənistan tarixən Azərbaycana qarşı həmişə torpaq iddiasında olmuşdur. Bu münaqişə etnik deyil, tarixi münaqişədir. Hələ 1828-ci ildə Rusiya-İran müharibəsinin sonunda İranda yaşayan ermənilər Azərbaycanın iki ərazisinə -İrəvan mahalına və Dağlıq Qarabağ ərazisinə köçürüldü. O zamandan bu günə kimi erməni diasporu bu ərazilərin Ermənistana birləşdirilməsi üçün əlindən gələni edir.

XX əsrdə Azərbaycan tarixinin ən faciəli səhifələri qaçqınlıq və köçkünlüklə bağlıdır. Azərbaycanın geostrateji , mövqeyi , zəngin təbii sərvətləri regionda maraqları olan qüvvələri azərbaycanlıların öz tarixi torpaqlarından zorla köçürülməsinə sövq edirdi. Ermənilərin daha çox torpaq əldə etmək iddiası XX əsrin müxtəlif vaxtlarında –1905,1918-20,1948-50 və 1988-ci illərdə azərbaycanlıların ərazilərdən zorla köçürülməsilə nəticələndi. Bu torpaq iddiaları isə bəzi qüvvələr tərəfindən sadəcə olaraq erməni-azərbaycanlı qarşıdurması kimi qələmə verilirdi.

Ermənistanın 1988-1989-cu illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən onun ərazisində yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovuldu və onlar Azərbaycana pənah gətirdilər. Eyni zamanda 1990-cı ildə Orta asiyadan didərgin salınmış 50 min nəfərədək məsxəti türkü də Azərbaycanda sığınacaq tapdı.

1987-ci ildən başlayaraq ortaya atılan qondarma Dağlıq Qarabağ problemi Azərbaycan xalqı tərəfindən respublikanın ərazi bütövlüyünə qarşı yönəldilmiş bir cəhd kimi qəbul edilirdi. Sərhədlərimizin toxunulmazlığı hələ o zaman müxtəlif səviyyəli dövlət qurmaları tərəfindən rəsmən dəfələrlə təsdiqlənsə də, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılması məqsədini güdən məkrli siyasət mərhələ-mərhələ həyata keçirilirdi. Heç bir obyektiv əsasa istinad etməyən , qondarma səbəblərlə qəbul edilmiş, qərarla Dağlıq Qarabağa müstəsna hüquqlar verildi, bir çox məsələlərin həlli birbaşa keçmiş ittifaq nazirlik və qurumlarına həvalə edildi, Muxtar Vilayətdə Xüsusi İdarə Komitəsi yaradıldı. Ermənistandakı destruktiv qüvvələr isə Dağlıq Qarabağda separatçılıq meylərinin qüvvətlənməsinə rəvac verirdi. Bütün bu zorakılıq hallarına qarşı isə keçmiş ittifaq rəhbərləri tərəfindən qətiyyətli, qanuni tədbirlər görülmürdü.

1988-ci ildən başlayaraq Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın azarbaycanlılar yaşayan 126 yaşayış məntəqəsindən azərbaycanlıların zorla çıxarılması planı həyata keçirildi. Məhz bu dövrdə XX əsrin ən faciəli hadisələrindən biri törədildi-Dağlıq Qarabağda 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri rus qoşunlarının köməyilə bir gecədə darmadağın edildi və 600 nəfər dinc əhali vəhşicəsinə qətlə yetirildi.

Beləliklə, Ermənistan silahlı qüvvələrinin 1988-ci ildən başlayaraq ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20% -i Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, 700 min nəfərə yaxın həmvətənimiz öz daimi yaşayış yerindən məhrum olaraq məcburən köçkün düşmüş və respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox obyektdə müvəqqəti məskunlaşdırılmışdır.

Bundan başqa respublikamızın Ermənistanla həmsərhəd olan Naxçıvan Muxtar Respublikasının , Ağstafa, Qazax, Tovuz , Ağcabədi, Gədəbəy və Tərtər rayonlarının sərhədyanı yaşayış məntəqələrindən 100 min nəfərədək soydaşımız həyat üçün təhlükəli olduğu üçün öz daimi yaşayış yerini tərk etmək məcburiyyətində qalmışdır.

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş , 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.

Beləliklə, hazırda Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün vardır ki, bu da respublika əhalisinin 15%-ni təşkil edir.

Hərbi təcavüz respublikamızın əvvələr kənd təsərrüfatı məhsullarının 35-40% -nin istehsal olunduğu 17 min.kv.km. ən məhsuldar torpaqlarının işğalına, 900 şəhər və kəndin, 7 min sənaye və kənd təsərrüfatlı obyektinin, 700 təhsil, səhiyyə ocağınını , 800 km. Avtomobil yollarının, 160 körpünün, 23 min.km.su və 15000 km. Elektrik xətlərinin dağıdılmasına səbəb olmuş, mənəvi-psixoloji zərbə ilə bərabər Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dolları həcmində ziyan dəymişdir.

1993-cü ilin noyabrından başlayaraq işğal olunmuş Ağdam və Füzuli rayonlarının xeyli hissəsi Milli ordumuz tərəfindən azad edildi. Milli Ordumuzun qüdrətini hiss edən ermənilər danışıqlara başladılar və bunun nəticəsində 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olundu.

Artıq 9 ildir ki,50 min nəfərdən çox məcburi köçkün çadır düşərgələrində, 33 min nəfər fin tipli yığma evlərdə, 34 min nəfər yeraltı qazmalarda, 10 min nəfər dəmir yol yük vaqonlarında , qalanları isə kommunal şəraiti olmayan, sanitar normalara cavab verməyən yataqxanalarda, ictimai binalarda, tikintisi yarımçıq qalmış obyektlərlə və sair yerlərdə çox ağır , olduqca dözülməz , açınacaqlı bir şəraitdə yaşyır, öz ata-baba yurdlarına qayıdacaqlarına inanır, ümid bəsləyir və həmin günü böyük səbirsizliklə , dözümlə , mərdliklə gözləyirlər.

Qaçqın və məcburi köçkünlər arasında 8 min şəhid ailəsi, 5 min müharibə əlili, 5400 valideyn himayəsindən məhrum olmuş uşaqlar vardır.

Son illər qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan hüquqi baza yaradılmış, ölkə prezidenti möhtərəm Heydər Əliyev cənabları tərəfindən 20-dən çox Fərman və Sərəncam imzalanmış, Milli Məclis 12 Qanun, Nazirlər Kabineti isə 140-a yaxın qərar və sərəncam qəbul etmişdir. Respublika Prezidentinin Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq olunmuş, “Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu” yaradılmış, 18 may 2000-ci ildə qaçqınların və məcburi köçkünlərin problemlərinə həsr olunmuş “İnkişaf Problemləri və Strateji İstiqamətlər” mövzusunda beynəlxalq konfrans təşkil edilmiş, 17-19 may 2001-ci ildə Avropa Şurası Parlament Assambleyası “Miqrasiya, Qaçqınlar və Demoqrafiya” Komitəsinin Bakıda səyyar konfransı keçirilmişdir.

“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin ) statusu haqqında” ,”Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunları qəbul edilmişdir.

Qaçqınlar və məcburi köçkünlər dövlət tərəfindən, imkan daxilində , müəyyən qayğı ilə əhatə olunmuşlar. Onların yerləşdirilməsi, su təchizatı , santitariya şəraitinin təmin olunması, kənd təsərrüfatı , təhsil, səhiyyə və s.problemlərinin həllində beynəlxalq humanitar təşkilatlar da yaxından köməklik edirlər.

Hazırda Azərbaycanda 69 humanitar təşkilat fəaliyyətini davam etdirir. Onlardan 8-i yerli, 61-i isə beynəlxalq təşkilatlardır. 1993-cü ildə isə onların sayı 105 olmuşdur .1994-cü ildə isə bu təşkilatlar 160 milyon ABŞ dolları həcmində yardım göstərmişdilərsə , hazırda bu rəqəm 4 dəfə azalaraq təxminən 40 milyon ABŞ dollarına bərabərdir.

Əlbəttə, beynəlxalq təşkilatlar daimi olaraq fəaliyyət göstərə bilməzlər. Buna görə də Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 2001-ci il 15 avqust tarixli “Məcburi köçkünlərin ərzaq təminatı haqqında” Sərəncamına əsasən cari ilin avqust ayından etibarən əvvələr beynəlxalq təşkilatlar tərəfindən yardım göstərilmiş 57 min nəfər məcburi köçkün hər ay 906 milyon manat həcmində ərzaqla təmin olunur. Qaçqınlara və məcburi köçkünlərə yardım göstərilməsi işinə respublikanın 54 nazirlik, komitə, şirkəti də cəlb edilmişdir. Ölkədəki maliyyə imkanlarının məhdudluğuna baxmayaraq, hazırda hər bir məcburi köçkünə dövlət büdcəsi hesabına 25 min manat məbləğində aylıq yemək xərci ödənilir.

Lakin təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdə qaçqın və məcburi köçkünlərin humanitar vəziyyəti mürəkkəb olaraq qalmaqdadır.

Belə ki, beynəlxalq humanitar təşkilatlar tərəfindən qaçqın və məcburi köçkünlərə verilən ərzaqın aylıq miqdarı cəmi 3-4 kq həcmindədir. Ümumiyyətlə, 1 milyondan çox qaçqın və məcburi köçkündən hazırda yalnız 200 min nəfərədək, yaxud 30% -i aylıq ərzaq yardımı ilə əhatə olunmuşdur. Belə bir şəraitdə beynəlxalq humanitar təşkilatlar tərəfindən göstərilən humanitar yardımların həcminin azaldılması da müşahidə olunur ki, bu da ciddi narahatlıq doğurur.

Son illər qaçqın və məcburi köçkünlərin müvəqqəti sığınacaq yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həm dövlət tərəfindən, həm də beynəlxalq humanitar təşkilatların köməyi ilə xeyli işlər görülməsinə baxmayaraq , bu sahədə vəziyyət olduqca gərgin olaraq qalmaqdadır.

Ötən 13 il ərzində qaçqın və məcburi köçkünlər içərisində xeyli yeni ailələr yaranmışdır ki, onların da ayrıca məskunlaşdırılması ciddi problemə çevrilmişdir.Bunun üçün işğal olunmuş ərazilərə yaxın yerlərdə yeni qəsəbələr salınmalı, sadə daşdan , çiy kərpicdən müvvəqəti sığınacaqlar tikilməlidir. Eyni zamanda yeni qəsəbələr salınarkən infrastrukturun yaradılması, sosial obyektlərin tikilməsi də nəzərə alınmalıdır.

Məcburi köçkünlərin sıx məskunlaşma yerlərində –çadır düşərgələrində, fin tipli evlərdən ibarət qəsəbələrdə, qış yataqlarında, yataqxanalarda, uşaq sağlamlıq düşərgələrində infrasturkturun yaxşılaşdırılmasına, elektrik xəttlərinin , içməli su kəmərlərinin , daxili yolların təmirinə və s. böyük ehtiyac vardır. Məcburi Köçkünlərin məşğulluq problemlərinin həlli, gəlirəldəetmə sahələrinin yaradılması, mikrolayihələrin həyata keçirilməsi də əsas məsələlərdən biridir. Kənd rayonlarında məskunlaşmış 20 min nəfərdən çox məcburi köçkünə, 611 kəndli- fermer təsərrüfatına müvəqqəti istifadə üçün 60 min hektara yaxın torpaq sahəsi ayrılmışdır. 400 nəfər məcburi köçkünə kənd təsərrüfatı ilə məşğul olmaq üçün dövlət büdcəsi hesabına 1 milyard manat həcmində güzəştli kredit verilmişdir. Lakin məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi ciddi problem olaraq qalmaqdadır.

300 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 200 min nəfəri işsizdir. Maliyyə imkanı məhdud olduğundan ayrılmış torpaq sahələrindən, demək olar ki, səmərəli istifadə olunmur. Bu mənada yeni xırda istehsal sahələrinin yaradılması , kiçik və orta biznesin inkişafı , kənd təsərrüfatı təyinatlı mikro layihələrin həyata keçirilməsi bu günün ən vacib məsələlərindən hesab edilir.

Məcburi köçkünlərin sıx məskunlaşma yerlərində –çadır düşərgələrində, fin tipli quraşdırma evlərdən ibarət qəsəbələrdə , yol kənarlarındakı qazmalarda, vaqonlarda və s. təhsil, səhiyyə ocaqları üçün onların maddi-texniki bazası yoxdur. Sinif otaqlarının çatışmazlığı nəticəsində dərslər bir neçə növbədə keçirilir, tədris ləvazimatı, avadanlıqlar çatışmır. Səhiyyə xidməti məntəqələrində dəqiq müayinə və müalicə üçün lazımi şərait yoxdur. Bu da uşaqların təhsilə cəlb edilməsinə, tədrisin keyfiyyətinin yüksəldilməsinə, insanların sağlamlığının qorunmasına ciddi mənfi təsir göstərir. Buna görə də təhsil, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, tədris tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, onların lazımi avadanlıqlar, dərman preparatları və tibbi ləvazimatlarla təchizatı üçün konkret tədbirlərin həyata keçirilməsi tələb olunur.

Qaçqın və məcburi köçkün qadınlar arasında gender siyasəti, ailənin planlaşması, uşaqların sağlamlığının qorunması və s. məsələlər də ciddi narahatlıq doğurur. Doğrudur, bu sahədə Səhiyyə Nazirliyi və beynəlxalq humanitar təşkilatlar və tərəfindən sıx əməkdaşlıq şəraitində müəyyən tədbirlər həyata keçirilir və yığcam məskunlaşma yerlərinə-cçdır düşərgələri, fin quraşdırma evlərinə xüsusi diqqət verilir. Bu məqsədlə respublikada Ailə Planlanması və peprodiktiv Sağlamlıq üzrə Milli Proqram təsdiq edilmiş, bir sıra rayonlarda xüsusi mərkəzlər yaradılmışdır. BMT-nin Əhali Fondu və Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə Reproduktiv Sağlamlıq üzrə Milli Strategiya sənədinin layihəsi işlənib hazırlanmışdır.

Lakin qeyd etmək lazımdır ki, bu sahədə görüləsi işlər hələ çoxdur. Mövcud maliyyə çatışmazlığı Ailənin Planlanması və Reproduktiv Sağlamlıq Proqramının bütün rayonlarda geniş şəkildə, səmərəli, planlı həyata keçirilməsinə , bununla bağlı müasir avadanlıqlarla təchiz olunmuş xüsusi mərkəzlərin yaradılmasına imkan vermir.

Ağır məişət şəraitində yaşadıqları üçün bu gün 40 min nəfər məcburi köçkün qadın müxtəlif xəstəliklərə (infeksion, mədə- bağırsaq infeksiyaları, virus infeksiyaları, dəri xəstəlikləri, malyariya , difteriya , qarın yatalağı , sinir, vərəm, qan azlığı, şəkər, əsəb, və s.) düçar olmuşlar. Ağır həyat tərzinin nəticəsi olaraq onlardan 6000 nəfəri sonsuzluq və ya qadın xəstəliyinə mübtəla olmuş, 4000 nəfəri qan azlığından , 7000 nəfəri daxili xəstəliklərdən , 3500 nəfəri stomatitdən əziyyət çəkir.

Etiraf etmək lazımdır ki, respublikada xəstəliklərin artımı həyat səviyyəsi aşağı olan məcburi köçkünlər arasında daha aydın şəkildə özünü göstərir. Ərazilər işğal olunmuş rayonlar üzrə əhalinin hər min nəfərinə düşən xəstəxana çarpayılarının sayı

olduqca azlıq təşkil edir. Ərazisi işğal olunmuş rayonların səhiyyə obyektlərinin böyük əksəriyyətinin uyğunlaşdırılmış binalarda yerləşdirilməməsi, müasir tibb avadanlıqlarının, dərman vasitələrinin çıtışmazlığı səhiyyə xidmətinin səviyyəsini yüksəltməyə , məcburi köçkünlərin sağlamlığının etibarlı qorunmasına lazımi imkan vermir. Gündəlik tələbat malları , ərzaqla təminatda olan problemlər bir sıra xəstəliklərin süni şəkildə çoxalmasına əlverşli şərait yaradır. Buna görə də qaçqınların və məcburi köçkünlərin sağlamlığının qorunması ilə bağlı gündəlik və təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Uşaqların və anaların sağlamlığının qorunması məqsdilə onlar vaxtaşırı olaraq müayinəyə cəlb edilməli, infeksion xəstəliklərə qarşı vaksinasiya keçirilməli, ailə planlaşdırılması və reprodiktiv xidmətlərin göstərilməsi təşkil olunmalıdır.

Qaçqın və məcburi köçkünlər arasında müxtəlif xəstəliklərin artmasının qarşısının alınması üçün bütün zəruri tədbirlərin görülməsi respublikada imkan xaricindədir. Xüsusilə xeyli soydaşımızın (böyürək, ürək, mədə-bağırsaq, öd kisəsi və s. xəstəliklərə düçar olanların) xarici ölkələrdə müalicə olunmasına böyük ehtiyacları vardır ki,bunun üçün də külli miqdarda vəsait tələb olunur.

Məcburi köçkün qadınlardan 16 min nəfəri ali, 20 min nəfəri orta ixtisas , 85 min nəfəri orta təhsilə malikdir. Peşə tərkibinə görə isə 14 min nəfər müəllim, 11 min nəfər həkim, 7 min nəfər mədəniyyət işçisi, 36 min nəfər kənd təsərrüfatı mütəxəssisi, 6 min nəfər mühəndisdir.

Lakin işsizlik problemi qadınlar arasında özünü daha qabarıq şəkildə biruzə verir. 302.201 nəfər məcburi köçkün qadından 155 min nəfəri əmək qabiliyyətlidir. Onlardan isə cəmi 38 min nəfəri (12,7%) işlə təmin olunmuş, 83 min nəfəri əmək qabiliyyətli yaşdan yuxarıdır, 70 min nəfərdən çoxu isə işsizdir.

Məcburi köçkün qadınlardan 30 min nəfəri çoxuşaqlıdır, 4260 nəfəri şəhid anasıdır, 17 min nəfəri ərini itirdiyi üçün ailə başçısıdır.

Məcburi köçkünlərdən 200 min nəfərini, yaxud 34,6 faizini uşaqları təşkil edir. Onlardan da 76 mindən çoxu məktəbəqədər yaş həddindədir və çətin də olsa, ümumtəhsilə cəlb olunmuşdur.

Təəssüflər olsun ki, bu gün qaçqın və məcburi köçkün uşaqların , valideyn himayəsindən məhrum olmuş 5400 uşağın məişət şəraiti, gündəlik təlabat malları ilə təminatı olduqca acınacaqlı vəziyyətdədir. Buna görə də bu məqsədlə xüsusi tədbirlər həyata keçirilməli , uşaqların normal yaşayışı, təlim-tərbiyəsi üçün lazımi şərait yaradılmalı, uşaqlar gündəlik minimum səviyyədə ərzaq , süd və süd məhsulları ilə təmin olunmalıdır.

Sosial -iqtisadi çətinliklər, şübhəsiz əhalinin təbii artımına , genafonuna ciddi təsir göstərir. Son ilin təhlili göstərir ki, respublika üzrə əhalinin təbii artımı 1990-cı illə müqayisədə iki dəfə azalmışdır. Məcburi köçkünlər arasında isə bu məsələ daha ciddi narahatlıq doğurur. Belə ki, hər 1000 diri doğulandan 1 yaşa qədər ölən uşaqların ölüm göstəricisi sayı qaçqın və məcburi köçkünlər arasında respublika göstəricisindən 2 dəfə yüksəkdir.

Bir sözlə əsrlər boyu öz tarixi torpaqlarından , ən əlverişli iqlim və həyat şəraitinə malik ərazilərdə, bütün rahatlığı olan şəraitdə yaşamış bu insanlar artıq 13 ildir ki, son dərəcədə dözülməz , qeyri- insani şəraitdə- çadırlarda, fin tipli evlərdə, yol kənarlarında , zirzəmilərdə, hər an uçmaq təhlükəsi və heç bir kommunal şəraiti olmayan tikintisi yarımçıq qalmış inzibati binalarda , yeraltı qazmalarda və s. yaşamaq məcburiyyətində qalmışlar. Buna görə də onlar nəinki özlərinin bütün sağlamlığını itirmiş, hətta belə şəraitdə dünyaya gələn və artıq 1-12 yaş həddində olan qaçqın və məcburi köçkün uşaqların həyatı onların sağlamlığı baxımından ciddi təhlükə qarşısındadır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması hər gün onlarla orta yaş həddinə çatmamış qaçqın və məcburi köçkünlərin vaxtsız vəfatına səbəb olur.

Bütün bu problemlərin həllində, şübhəsiz, Beynəlxalq ictimaiyyətin yardımına və bu münaqişənin çox tezliklə həllinə köməklik göstərməsinə böyük ehtiyac vardır.